Code of Ethics

AZƏRBAYCAN GƏNC TƏRCÜMƏÇİLƏR ASSOSİASİYASI (AGTA)


DAVRANIŞ KODEKSİ

 AGTA-nın üzvü olmaq yazılı və şifahi tərcümə tapşırıqlarının yerinə yetilməsi zamanı bu Kodeksə hörmət etmə öhdəliyinin qəbul edilməsi deməkdir. Bu kodeksə zidd olan hər hansı hərəkət AGTA-nın Nəzarət-Təftiş Komissiyası tərəfindən, işin hallarına və AGTA-nın nizamnaməsinə uyğun olaraq, müvafiq sanksiyanın tətbiq edilməsi ilə nəticələnəcəkdir.

 1. MÜŞTƏRİ İLƏ MÜNASİBƏTLƏR

1.1     Müştəri ilə münasibətdə tərcüməçilər nəzakətli davranmalı, tərcüməçilər haqqında yanlış rəy formalaşdırmaqdan çəkinməlidirlər;

1.2     Tərcüməçilər onlara müraciət edən müştəriləri öz təcrübə, dil bacarıqları barədə düzgün məlumat ilə təmin etməlidirlər;

1.3     Tərcüməçilər onlarla birgə işləməyə vərdiş etməmiş şəxslərə öz rollarının nədən ibarət olduğunu izah etməlidirlər;

1.4     Tərcüməçilər onlara işin yerinə yetirilməsi üçün verilən müddətə sadiq qalmalı, fövqəladə  hallar yarandıqda isə dərhal müştərilərini xəbərdar etməli və məsləhətləşməlidirlər;

1.5     Tərcüməçilər qəbul etdikləri şifahi və yazılı tərcümə işlərini tamamlamalıdırlar. Tərcümə tapşırığının tərcüməçi tərəfindən tam yerinə yetirilmədən, natamam saxlanılması yolverilməzdir;

1.6     Şifahi tərcüməçilər tərcümə etdiyi tərəfləri bir-birinə birbaşa müraciət etməyə həvəsləndirməli və buna şərait yaratmalıdır;

1.7     Tapşırıqlardan əvvəl müştərilərlə qısa söhbət şifahi tərcüməçi və müştərilərin bir-birinin nitqini düzgün anlaması üçün faydalı ola bilər.

2. MƏXFİLİK

 2.1  Tərcüməçilər tərcümə prosesinin gedişi zamanı əldə olunmuş məlumatları açıqlamamalı, bu məlumlatardan şəxsi mənfəət və maraqlar üçün istifadə etməməlidirlər;

2.2  Tərcümə prosesinin gedişi zamanı əldə olunmuş məlumatlar yalnız müştərinin razılığı ilə, yaxud məhkəmə qərarı ilə açıqlana bilər;

2.3  Tərcümə tapşırığının icrasının gedişində, tapşırığın qrup şəklində icrası tələb olunduqda, müştərinin icazəsi ilə bu tapşırığa cəlb edilən qrup üzvləri məlumatlandırıla bilər. Bu zaman məxfiliyin qorunması bütün qrupa şamil edilir;

2.4  Tərcüməçilər müştərinin icazəsi olmadan tərcümə tapşırığını başqasına həvalə də bilməz;

2.5  Tərcümə olunan sənədlər müştərinin mülkiyyəti olaraq qalır və müştərinin icazəsi və ya məhkəmə qərarı olmadan 3-cü tərəfə göstərilə və ya ötürülə bilməz;

3. QƏRƏZSİZLİK, OBYEKTİVLİK, BİTƏRƏFLİK

 3.1  Tərcüməçilər peşə bitərəfliliyini, qərəzsizliyini və obyektivliyini qoruyub saxlamalıdırlar;

3.2  Tərcüməçilər öz şəxsi maraqlarının qəbul edilmiş işə zərər gətirməsinə və yaxud təsir etməsinə imkan verməməlidirlər;

3.3  Şifahi və yazılı tərcüməçilər öz şəxsi maraqları və şəraitlə bağlı, qərəzsiziyin, obyektivliyin, bitərəfliyin saxlanılmasının mümkün olmadığını yəqin etdikdə, bu cür işi qəbul etməməli, yaxud işdən geri çəkilməlidir;

3.4  Tərcüməçilər  tərcümə tapşırığında ehtiva olunan hər hansı bir məsələ və ya şəxs barədə üçüncü tərəflərə rəy bildirməkdən çəkinməlidirlər;

4. PEŞƏ LƏYAQƏTİ

 4.1     Tərcüməçilər onların özünəhörmət hissinə xələl gətirə biləcək, peşə ləyaqətini alçalda biləcək işlərdə iştirak etməkdən çəkinməlidirlər;

4.2     Tərcüməçilər öz peşələrinin nüfuzuna xələl gətirə biləcək işlərdə iştirak etməkdən çəkinməlidirlər;

4.3     Tərcüməçilər ictimai marağa və qanunvericiliyə zidd olan hərəkətlərdə iştirak etməkdən çəkinməlidirlər;

 5. Peşəkar İnkişaf

 5.1     Tərcüməçilər öz peşə bilik və bacarıqlarını, iş göstəricilərini müntəzəm surətdə gözdən keçirməli və yenidən qiymətləndirməlidirlər;

5.2     Tərcüməçilər öz peşə bilik və bacarıqlarını  davamlı olaraq, qoruyub saxlamağa, təkmillləşdirməyə çalışmalıdırlar.

5.3     Tərcüməçilər yeni texnologiyalardan xəbərdar olmalı, öz peşə və bilik bacarıqlarının artırılması ilə yanaşı, tərcümə və ya təkmilləşmə prosesində yeni texnologiyalardan istifadəyə hazır olmalıdırlar.

6. DƏQİQLİK

6.1.   Tərcüməçilər qəbul edilmiş şifahi və yazılı tərcümə tapşırıqlarını dəqiq və məsuliyyətlə yerinə yetirməlidirlər;

6.2.   Tərcüməçilər öz şifahi və ya yazılı tərcümə səhvlərini anladıqda dərhal etiraf etməli və düzəltməlidirlər;

6.3.   Əgər nə isə aydın deyilsə, tərcüməçilər təkrar etmə, yenidən ifadə etmə və ya izah üçün müraciət etməlidirlər;

6.4.   Əgər açıq aydın yalan deyilir və ya yazılırsa, bu, şərh verilmədən, təqdim edildiyi kimi, dəqiq çatdırılmalıdır;

6.5.   Tərcüməçilər onlara verilən işdə heç bir əlavə, dəyişiklik yaxud ixtisar etməməlidirlər. Hər hansı dəyişikliyə zərurət olduqda, müştərinin razılığı alınmalıdır;

6.6.   Tərcüməçilər vulqar sözlər də daxil olmaqla, bütün məlumatı olduğu kimi, çatdırmalıdırlar;

7. Tərcümə BACARIğı

7.1.   Şifahi və yazılı tərcümə sifarişini qəbul etməklə, tərcüməçi işin öz tərcümə bacarıqları çərçivəsində olduğunu qəbul edir;

7.2.   Tərcüməçilər yalnız öz tərcümə bacarıqları səviyyəsində olan tərcümə tapşırıqlarını qəbul etməlidirlər;

7.3.   Tərcümə prosesinin gedişində, əgər tapşırığın tərcüməçinin səriştəsindən kənar olduğu ortya çıxarsa, tərcüməçi dərhal müştəriyə bununla bağlı məlumat verməli və sifarişi geri götürməyi təklif etməlidir;

7.4.   Tərcüməçilər onlardan qəbul etmiş olduqları işdə nəyin tələb olunacağını əvvəlcədən dəqiqləşdirməli və sonra lazımi hazırlıq işləri görülməlidir.

8.      PEŞƏKAR HƏMRƏYLİK

8.1.   Tərcüməçilər onlardan qəbul etmiş olduqları işdə nəyin tələb olunacağını əvvəlcədən dəqiqləşdirməli və sonra lazımi hazırlıq işləri görülməlidir;

8.2.   Tərcüməçilər peşə yoldaşlarına hörmət etməli və dəstəkləməlidirlər;

8.3.   Tərcüməçilər həddən artıq aşağı qiymət təklif etməklə, həmkarının müştərisini əldə etməyə cəhd etməkdən çəkinməlidirlər;

8.4.   Tərcüməçilər öz həmkarlarının nüfuzuna haqsız olaraq, xələl gətirə biləcək çıxışlar etməkdən çəkinməlidirlər;

8.5.   Tərcüməçilər başqa bir tərcüməçini müqavilə əsasında işə götürdükdə, yerinə yetiriləcək işə uyğun olaraq, ədalətli məvacib və müqavilə şərtləri təklif etməli və müqavilə şərtlərinə əməl etməlidirlər;

8.6.   Tərcüməçilər bazar qiymətlərindən və düzgün hesab edilən həddən aşağı qiymətlər təklif etmək və ya qəbul etməklə, ədalətsiz rəqabətə imkan yaratmamalıdırlar;

8.7.   Tərcüməçilər  hər hansı maraq münaqişəsini səmimi şəkildə üzə çıxarmalıdırlar;

8.8.   Tərcüməçilər mənfi müştərilər barədə peşə yoldaşlarını məlumatlandırmalıdırlar;

9. HAQQI ÖDƏNİLMƏYƏN XİDMƏT

AGTA üzvləri qeyri-kommersiya təşkilatlarına ödənişsiz xidmət göstərməyi qəbul etdikləri hallarda, bu xidmətə ödənişli xidmət kimi yanaşaraq keyfiyyət standartlarını qorumalı və qeyri-kommersiya qurumlarını bu xidmətin müvafiq bazar dəyəri barədə məlumatlandırmalıdırlar;

10. ÖDƏNİŞ

10.1.  Tərcüməçilər öz xidmətlərinin qiymətlərini və şərtlərini təyin etməkdə sərbəstdirlər. AGTA öz üzvlərinin təyin etdikləri qiymətlər aralığı barədə məlumat verə bilər.

10.2.  Tərcüməçilər qəbul etdikləri sifarişi layiqincə və effektiv yerinə yetirməyə imkan verəcək məbləğdə ödəniş qəbul etmək hüququnu həyata keçirməli və qorumalıdırlar

11. ƏLAQƏLİLİK

AGTA üzvləri öz xidmətlərini reklam etmək və ya digər məqsədlə AGTA ilə bağlılığını əlaqəni qeyd etdikdə, yaxud AGTA loqosundan və şüarından öz reklam materiallarında istifadə edərkən, bu barədə AGTA-nın müvafiq orqanını məlumatlandırmaqla yanaşı,  bunu AGTA-nın nüfuzuna zərər vura biləcək bir şəkildə etməkdən çəkinməlidirlər. Üzvlük dayandırıldıqdan sonra bu cür məlumatdan istifadə dayandırılmalıdır.

 

 

close
Facebook IconYouTube IconTwitter Icon